Oktyabrın 31-də Bakının Nizami rayonunda 4 qadın zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
APA-nın məlumatına görə, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Məlumata əsasən, saat 20:15 radələrində Mərkəzə Nizami rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına 3 təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadaları tərəfindən 4 qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi modul tipli xəstəxanaya hospitalizasiya olunub.
***
00:47
Bakının Nizami rayonunda yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verdiyi iddia olunur.
APA-nın məlumatına görə, hadisə rayonun Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən restoranda qeydə alınıb.
Bildirilib ki, restoranda təxminən 34 nəfər əlilliyi olan şəxsin iştirakı ilə toplantı keçirilib. İştirakçılardan 14-ü qidadan zəhərləndiyini iddia edib.
Məlumata görə, onlardan 5-i vəziyyətlərinin ağır olması səbəbindən xəstəxanaya aparılıb.
Hadisə yerinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.