"Azəriqazbank" ASC-nin rəhbərinin sabiq müşaviri Çingiz Mənsimova qarşı 700 min manatlıq dələduzluq etməkdə ittiham olunan sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Prokuror Şahin Fətəliyevin 13 il, istintaq dövründə zaminə buraxılmış İlham Qasımovun isə 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər.
Proses oktyabrın 21-də davam etdiriləcək.
İttihama görə, Şahin Fətəliyev "Azəriqazbank" rəhbərinin sabiq müşaviri Çingiz Mənsimovun 20 il sürücüsü işləyib. Sabiq bank müşaviri müalicə məqsədilə mütəmadi olaraq xaricə gedib-gəldiyi üçün hüquqi məsələlərlə bağlı Şahin Fətəliyevə etibarnamə verib.
Sonradan Şahin Fətəliyev etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsin mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb. O, qanunsuz yolla ələ keçirdiyi mənzillərdən birini tanışı İlham Qasımovun adına rəsmiləşdirilib.
Cinayət əməlində şübhəli bilinən Şahin Fətəliyev və İlham Qasımov Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs-qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Çingiz Mənsimov bir müddət əvvəl vəfat edib. Zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmış qızı Fərəh Mənsimova 700 min manatlıq mülki iddia qaldırıb.