Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır.
Məlumata görə, 4 oğlu və 2 qızı olan Almaz Cəfərova uzun müddət tək yaşayıb. Onun oğlanlarının Rusiyada yaşadığı bildirilir.
Bir müddət əvvəl isə gəlini Gülbəniz Həsənzadə Rusiyadan gələrək mərhumla eyni evdə qalmağa başlayıb.
Mərhumun yaxınlarının sözlərinə görə, Almaz Cəfərova tək yaşadığı üçün evə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra yaxınları kamera görüntülərinə baxarkən ahıl qadının qətlə yetirildiyini müəyyən ediblər.
***
09:36
Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1955-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib.
Dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.