Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi İstanbuldadır.
APA NTV-yə istinadən xəbər verir ki, onlar təyyarə ilə İstanbula aparılıblar.
Onlar Atatürk Hava Limanından təyyarə ilə Başakşehir Çam və Sakura xəstəxanasına aparılıblar.
13:56
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.
APA xəbər verir ki, bu barədə Türkiyə səfiri Cahit Bağçı "Twitter"də bildirib.
“Cənab Prezident İlham Əliyev cənab başqan Binəli Yıldırım, Şamil Ayrım bəyi və mühafizəçi Oğuzhan qardaşımızı xəstəxanada ziyarət edib. Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Onların səhhəti yaxşıdır. Türkiyəyə yola saldıq”, - səfir əlavə edib.
***
09:33
Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir.
Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.