Elçin Sadıqovun vəkillik fəaliyyəti bərpa edilib.
APA xəbər verir ki, bu barədə Elçin Sadıqov özü bildirib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin qərarına əsasən, Elçin Sadıqovun Vəkillər Kollegiyasından xaric edilməsi üçün VK tərəfindən məhkəməyə müraciət edilməsi barədə qərar ləğv edilib və vəkillik fəaliyyəti bərpa olunub.
Vəkillər Kollegiyası Elçin Sadıqovun vəkillik fəaliyyətinin dayandırılması barədə bu il iyul ayının əvvəllərində açıqlama yaymışdı.
Açıqlamada qeyd olunurdu ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkil Elçin Sadıqovun peşə fəaliyyətini həyata keçirərkən yol verdiyi intizam pozuntularında Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan, onun barəsində Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri nəzərə alınmaqla “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən, məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Açıqlamada vurğulanırdı ki, Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin müvafiq müraciəti əsasında başlanıb və Vəkillərin İntizam Komissiyası tərəfindən araşdırma aparılıb. Komissiya vəkil Elçin Sadıqovun publik açıqlamasını və toplanmış materialları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlinib ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar onun tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyası Nizamnaməsinin müvafiq maddələrinin tələbləri pozulub.