Bakıda dələduzluqda təqsirli bilinən Ələddin Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan iclasda prokuror çıxış edib.
Prokuror Ələddin Atakişiyevin 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Dövlət ittihamçısı iş üzrə mülki iddiaların təmin olunması barədə qərar qəbul edilməsini təklif edib.
Prosesdə çıxış edən zərərçəkmişlər isə onlara dəymiş ziyanın ödənilməsini istəyiblər.
Təqsirləndirilən şəxsin vəkili çıxışa hazırlaşmaq üçün vaxt istəyib.
Proses noyabrın 3-də davam etdiriləcək.
İttihama görə, əməkdar rəssam Yelena Haqverdiyeva dövlət qurumlarındakı sənədləşmə işlərini pul qarşılığında həll edə biləcəyini deyən Ələddin Atakişiyev tərəfindən aldadılıb.
Yelena Haqverdiyeva Ləhiş bağlarında yerləşən torpaq sahəsinə çıxarış almaqda köməklik etməsi üçün Atakişiyevə 15 min manat verib. Ələddin Atakişiyev həmin pulu mənimsəyərək dələduzluq edib.
Ələddin Atakişiyev eyni əməli daha 6 nəfərə (İdris Əliyev, Qasım Dadaşov, Rüfət Muradov, Çingiz Adıgözəlov, Rafiq Orucov və Kərim Cəfərov) qarşı törədib.
Qeyd edək ki, 1997-ci ildən Rəssamlar İttifaqının üzvü olan Yelena Haqverdiyeva 2018-ci ildə "Əməkdar rəssam" fəxri adına layiq görülüb.
İstintaq orqanı tərəfindən Ələddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.