Türkiyədə fəaliyyət göstərən şirkətin kassasından 1 milyon ABŞ dollarını mənimsəməkdə təqsirləndirilən Eldar Mamliyevin cinayət işi üzrə məhkəməsi keçirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eldar Mamliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxs 2018-ci ildən 2023-cü ilin oktyabrınadək İstanbulda yerləşən "Araz Kür İnşaat Malzemeleri Ticaret Limited Şirketi"ndə kassir kimi çalışıb. Onun qızıl-zinət əşyalarının alqı-satqısı, pul köçürmələri, nağd ödənişlər və şirkətin maliyyə əməliyyatlarına nəzarətlə bağlı səlahiyyətləri olub.
İstintaqla müəyyən olunub ki, şirkət rəhbərləri Türkiyədən kənarda olduqları vaxt müxtəlif ödənişlərin həyata keçirilməsi üçün kassada saxlanılan ümumilikdə 1 milyon ABŞ dolları – həmin dövrün məzənnəsi ilə 1,7 milyon manat məbləğində vəsait təqsirləndirilən şəxsə etibar edilib.
Təqsirləndirilən şəxs 2023-cü ilin avqust-oktyabr aylarında həmin vəsaiti hissə-hissə mənimsəyib. Onun 9 780 ABŞ dollarını nağd xərclədiyi, 990 220 ABŞ dollarını isə istintaqa məlum olmayan yollarla Azərbaycana gətirərək həyat yoldaşının adına açılmış iki bank hesabına köçürdüyü müəyyən edilib. Sonradan həmin pullar kartlar vasitəsilə İstanbulda internet platformalarında ödənişli oyunlara və digər şəxsi məqsədlərə sərf olunub. 1 milyon ABŞ dollarının mənimsənildiyi müəyyənləşdirildikdən sonra yalnız 100 min ABŞ dolları geri qaytarılıb, qalan məbləğ isə ödənilməyib.
Araşdırma zamanı təqsirləndirilən şəxsin həyat yoldaşının adına açılmış bank hesablarına qısa müddətdə 1,7 milyon manat vəsait daxil olduğu, həmin məbləğlərin demək olar ki, tam şəkildə çıxarıldığı da müəyyən edilib. Həmin bank hesablarına dair çıxarışlar və pulun qəbuluna dair qəbzlər cinayət işi üzrə maddi sübut kimi tanınıb.
Eldar Mamliyevə Cinayət Məcəlləsinin 12.1, 179.4-cü (Mənimsəmə, Azərbaycan Respublikası ərazisindən kənarda xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub.