Külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin polkovniki Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə polkovnikin vəsatətinə baxılıb. Vəkil Fikrət Mirəyev təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası sentyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, MN-in iki polkovniki - Fikrət Mirzəyev və Məlikməmməd Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanova isə 179.4, 341.2.1 və digər maddələr ilə ittiham irəli sürülüb.
Polkovnik Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, polkovnik Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, polkovnik Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Hər üç polkovnik 2022-ci ilin əvvəlində həbs ediliblər.
Polkovnik Fikrət Mirzəyev 2020-ci il iyun ayında MN-dəki vəzifəsindən çıxarılıb. M.Qurbanov 27.08.2019-cu il tarixində xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq ehtiyata buraxılıb. M.Şirvanov polkovnik M.Qurbanovdan əvvəl bu vəzifədə çalışıb.