Fövqəladə Hallar Nazirliyi Oğuzdakı qəza ilə bağlı məlumat yayıb.
APA xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Oğuz rayonunun Bayan kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və sürücü nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sürücü müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
***
Oğuzda qəza zamanı xəsarət alan sürücünün şəxsiyyəti məlum olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, həmin şəxs rayonun Kərimli kənd sakini 1976-cı il təvəllüdlü Ağalar İspəndiyar oğlu Həşimovdu.
Onun müayinə və müalicəsi Şəki RMX-da aparılır.
***
Saat 19:15
Oğuzda sərnişin daşıyan avtomobil ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndində baş verib.
Hələ ki şəxsiyyəti müəyyənləşməyən Oğuz rayon sakini idarəetməni itirib. O, “Ford” markalı avtomobili hərəkətdə olan traktorun qoşqusuna vurub.
Qəzadan sonra avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalıb. O, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.