Bank Of Baku

Prokurorluq: Gəncədə mülki şəxslərə dəymiş ziyanla bağlı kompensasiyalar ödənilib

Prokurorluq: Gəncədə mülki şəxslərə dəymiş ziyanla bağlı kompensasiyalar ödənilib
# 17 oktyabr 2022 15:32 (UTC +04:00)

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin müdafiə olunmayan əraziləri, yaşayış məntəqələri hədəfə alınmaqla, böyük dağıdıcı qüvvəyə malik raketlərdən istifadə edilməklə hücumlar təşkil edilib.

APA xəbər verir ki, bunu diplomatik korpus nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində törədilmiş terror hadisələrinin qurbanlarının anım tədbirində Baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, Gəncə şəhərinin 04, 05, 08, 11 və 17 oktyabr 2020-ci il tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 10-u kişi, 10-u qadın, 6-sı azyaşlı olmaqla 26 nəfər şəxs qətlə yetirilib:

“Qətlə yetirilən şəxslərdən 25-i Azərbaycan, 1-i isə Rusiya vətəndaşı olub. Qeyd olunan faktlarla bağlı Baş Prokuror Kamran Əliyev tərəfindən xüsusi nəzarətə götürülməklə Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işləri başlanılıb. İbtidai istintaqın aparılması üçün peşəkar müstəntiqlərdən ibarət istintaq qrupu yaradılıb”.

Elçin Məmmədov qeyd edib ki, münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, silahlı münaqişə zamanı hərəkətsizlik etmə, qəsdən öldürmə, cinayətkar əmr vermə, terrorçuluq maddələri ilə cinayət işləri başlanılıb:

“Gəncə şəhərinə edilən terrorla bağlı öldürülən 26 nəfərdən 5 nəfəri 60 yaşdan yuxarı, 1 nəfəri 5 yaşadək, 5 nəfəri 5-18 yaş arasında olub. Hadisələr zamanı 57-i qadın, 32- i azyaşlı olmaqla 175 nəfər yaralanıb. 11 və 17 oktyabr 2020-ci il tarixlərində edilən hücumlar nəticəsində 6 ailə tamamilə məhv olunub.

İstintaq materialları ilə məlum olub ki, Gəncə şəhərinə 5 və 8 oktyabr tarixlərində 14 ədəd Smerç raketlərindən hücum edilib. 4 oktyabr 2020-ci il tarixdə Gəncədə əhalinin sıx ərazisində, əsasən yeni yaşayış massivində, habelə səhər saatlarında mülki əhalinin gedib-gəldiyi küçələrə və Gülüstan yeni yaşayış massivi ərazilərinə 7 ədəd böyük dağıdıcı gücə malik Smerç raketlər atılıb. 5 və 8 oktyabr 2020-ci il tarixində hücumlar təkrarlanıb. Raket zərbələri nəticəsində Gəncədə yerləşən “Səbət bağı” ərazisinə, Gəncə Hərbi Prokurorluğu binasının yaxınlığına düşüb. 3 nəfər mülki şəxs xəsarət alıb. Digər mərmilər 34 saylı orta məktəbin, Pampıq Zavodu və yanacaq doldurma məntəqəsinin yaxınlığına düşsə də, partlamayıb.

11 oktyabr 2020-ci ildə Gəncə şəhərinə “Elbrus” raketləri ilə hücum edilib. Nəticədə 10 nəfər öldürülüb, 51 nəfər şəxs xəsarət alıb. Raketlər daha çox insan tələfatı olması məqsədilə mülki şəxslərin yatdığı vaxtlarda atılıb”.

Baş Prokurorun müavini deyib ki, Gəncədə 9 yaşayış binasına, 82-i fərdi evə zərər vurulub. “Onlardan 3 bina tamamilə dağıdılıb. Qeyd olunan raket hücumları ilə bağlı dağıdılmış və zədələnmiş binalarla bağlı ümumilikdə 80 min kvadrat metr ərazini əhatə edib. Raketlərin düşmə yerinə nəzər saldıqda müəyyən edilib ki, yalnız yaşayış yerləri, ticarət obyektləri hədəfə alınıb.

Miqyası baxımdan ən qəddar hücum Gəncəyə 17 oktyabr 2020-ci ildə ermənilər tərəfindən edilib. “Elbrus” ballistik raketi ilə hücum zamanı 15 nəfər öldürülüb, 79 nəfər xəsarət alıb".

O da bildirilib ki, Ermənistan silahlı qüvvələrinin cinayətləri nəticəsində mülki şəxslərə dəymiş ziyanla bağlı əhalinin sosial ehtiyaclarının təmin edilməsi, eləcə də məişət və şəxsi əşyalara dəymiş ziyanın aradan qaldırılması məqsədilə kompensasiyalar ödənilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR