Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal adlanan ərazidən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə "VAZ 2106" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını 50 metr dərəyə aşıb.
Qəza nəticəsində avtomobillin sürücüsü - Şəmkir rayon sakini 1984-cü il təvəllüdlü D.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü şəxs (kişi) 29 oktyabr tarixində saat 02:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub:
"Ona baş-beynin ocaqlı travması (kontuziya), travmatik subdural qansızma, üz və kəllə sümüklərinin sınıqları diaqnozları təyin olunub.
Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".