Azərbaycanla həm kədər, həm də xoş gündə bir olduq. Azərbaycanın Vətən müharibəsində əlimizdən gələn bütün dəstəyi göstərdik.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulisi Akar Kayseridə keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O, həmçinin, əlavə edib ki, Gürcüstan da Türkiyə və Azərbaycan üçün dost, önəmli regional bir dövlətdir.
Onun sözlərinə görə, tərəflər Cənubi Qafqaz və regiona dair bütün inkişaf və əməkdaşlıq perspektivlərini müzakirə edib: “Biz hərbi əməkdaşlıq sahəsində ciddi məsafə qət etdik və bunun bəhrəsini görürük. Ermənistanın Azərbaycan və Türkiyənin uzatdığı sülh və dostluq əlini tutmasını, təxribatlardan çəkinməsini və sülh danışıqlarına yönəlməsini istəyirik. Ermənistan atəşkəsin pozulması hallarından çəkinsə, atəşkəs razılaşmasına riayət edərsə sülh və sabitliyin bir parçası ola bilər və biz belə olmasını arzulayırıq, belə etmələrini gözləyirik. Bölgədə sülh və hüzurun bərqərar edilməsi və qalıcı hala gətirilməsi sadəcə ölkələrimiz üçün deyil, bütün bölgə üçün, bölgənin təhlükəsizliyi və iqtisadi rifahına töhfə verəcək”.