Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.
Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
Azərbaycan nümayəndə heyəti abidə önünə əklil qoyub və Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları müşayiət ediblər.