Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.
Sentyabrın 6-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə də görüşüb.
Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.