Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Qazax rayonunun cəbhəyanı kəndlərində mina təhlükəsinə dair yerli əhali ilə görüşlərə başlayıb.
Bu barədə APA-ya ANAMA-dan məlumat verilib.
Mina Təhlükəsinə dair Maarifləndirmə Proqramı (MTM) çərçivəsində keçirilən görüşlərdə məqsəd bölgə əhalisini mina və partlamamış hərbi sursatlar barədə məlumatlandırmaqdır.
Qeyd edək ki, son bir il ərzində Qazax rayonu istiqamətində bir neçə mina hadisəsi baş verib. Cəbhə xətti yaxınlığında yerləşən kəndlərdə yaşanmış hadisələr zamanı qoşunların təmas xəttindəki neytral ərazilərə və minalı sahələrə daxil olan vətəndaşlar arasında xəsarət alan və dünyasını dəyişənlər olub. Oktyabrın 6-da baş vermiş sonuncu mina hadisəsində 1 nəfər yaralanıb, bir nəfər isə həlak olub.