Bakı. Rəşad Süleymanov - APA. Noyabrın 19-20-də Türkiyənin paytaxtı Ankara şəhərində Beynəlxalq Kiber Müharibələr və Təhlükəsizlik Konfransı və görüşü (International Cyber Warfare & Security Conference B2B Meetings 2013) keçiriləcək. Bu barədə APA-ya Türkiyə Müdafiə Sənayesi Katibliyindən (SSM) məlumat verilib.
Konfrans və görüşdə Türkiyə ilə yanaşı, NATO-nun müxtəlif strukturlarının nümayəndələri, bu sahədə fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər. Azərbaycanın müvafiq qurumları, o cümlədən Müdafiə Nazirliyi tədbirə dəvət olunub.
Konfransda kiber müharibə, yeni yaranan təhdid və təhlükələr, aparıcı ölkələrin kiber müharibə texnologiyaları, kiber müharibələrin hüquqi aspektləri, bu sahədə sənayenin perspektivləri və s. müzakirə olunacaq.