Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana nəzərdə tutulan səfərinin ləğv edilməsi ilə əlaqədar yayılan informasiyada qeyri-dəqiqliyə yol verilib: “Səfər sadəcə təxirə salınıb. Hazırda danışıqlar gedir, vaxt dəqiqləşəndən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutacaq”.
Qeyd edək ki, İran dövlət televiziyası səfərin Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ləğv edildiyi haqda məlumat yayıb.
***
saat 09.18
Bakı. Real Cəfərli - APA. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanovun İrana səfəri baş tutmayıb.
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ləğv edilib.
Ancaq nazirlik bununla bağlı heç bir rəsmi açıqlama verməyib.
Qeyd edək ki, Ş. Sultanov avqustun 18-də İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyarinin dəvəti ilə qonşu ölkəyə üçgünlük səfər etməli idi.
Səfərdə məqsəd İranla Azərbaycan arasında dənizdə əməkdaşlığı inkişaf etdirməkdi.
Ş. Sultanovun səfər çərçivəsində İran Hərbi-Dəniz Qüvvələrinin bazalarına baxış keçirməsi də planlaşdırılmışdı.