Bakı. Ağa Cəfərli - APA. Xorvatiyada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bir sıra görüşlər keçirib.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xorvatiya xarici işlər nazirinin I müavini Yoşko Klisoviçlə keçirilən görüşdə hər iki ölkənin yerləşdiyi regionlarda təhlükəsizlik və qarşılıqlı münasibətlərin genişləndirilməsi məsələləri müzakirə edilib.
Z. Həsənov Ermənistanın Cənubi Qafqaz bölgəsində sabitliyə əsas təhlükə yaratdığını bildirib, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanaraq həll olunmasının vacibliyini önə çəkib.
Z. Həsənov Xorvatiya İqtisadiyyat Palatasının sədri Luka Buriloviçlə də görüşüb. Tərəflər ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışıblar, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Sonra Azərbaycan müdafiə nazirinə Xorvatiyanın müdafiə sənayesinə daxil olan şirkətlər haqqında geniş prezentasiyalar təqdim olunub.
Qeyd edək ki, Z. Həsənovun Xorvatiyaya səfəri davam edir.