Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın gənc mühəndisləri «Bayquş» adlı mini pilotsuz uçuş aparatı (PUA) hazırlayıblar.
APA-nın məlumatına görə, bu gün Bakıda keçirilən «Bakutel» sərgisində, Yüksək Texnologiyalar Parkının stendində nümayiş olunan PUA-nın nümunəsi prezident İlham Əliyevə də təqdim olunub.
PUA-nı hazırlayan mütəxəssislərin sözlərinə görə, «Bayquş»un qanad açıqlığı 92 sm, çəkisi 600 qram, uçuş müddəti 80 dəqiqədir. Delta qanad prinsipi üzrə dizayn olunan PUA-nın qanadları çıxarılmaqla adi çantada daşınır.
Tablet və mobil telefon üzərindən idarə olunması onun mülki, fövqəladə hallar zamanı, həmçinin hərbi əməliyyatlarda xüsusi təyinatlı qüvvələr tərəfindən istifadəsinə şərait yaradır. Gövdəsinin altında yerləşən ultrasonik sensor hesabına PUA-nın həssas enişi təmin olunur ki, bu da enmə zamanı onun sıradan çıxma riskini azaldır. Elektrik mühərriki vasitəsi ilə PUA səssiz uçur.