Bakı. Ağa Cəfərli-APA. Bu gün Bakıda BMT-nin “Kasetli silahlara dair Konvensiya”sının qüvvəyə minməsinin 5-ci ildönümü ilə əlaqədar mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, hazırda dünya ölkələrinin 60 faizi -117 ölkə bu Konvensiyanın üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 80 dövlət isə hələ ki, bu konvensiyaya qoşulmayıb.
H. Səfixanovun sözlərinə görə, beynəlxalq təşkilatlar 7-11 sentyabr 2015-ci il tarixində Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək ilk İcmal Konfransında daha çox ölkədən bu Konvensiyaya qoşulmağı və bundan irəli gələn məsələləri daha tez zamanda yerinə yetirməyə çağıracaq. Bundan başqa, son zamanlar kasetli silahlardan istifadə etmiş Liviya, Sudan, Ukrayna və Yəməndən tələb olunur ki, bir daha bu silahlardan istifadə edilməsin.
H. Səfixanov deyib ki, Azərbaycan kasetli silahların qadağan olunmasına dair Konvensiyaya torpaqlarının işğalı səbəbindən qoşula bilmir. Buna baxmayaraq Səfixanov Azərbaycan Xarici İşlər Nazirliyindən Xorvatiyada keçiriləcək tədbirdə mümkün qədər yüksək səviyyədə təmsil olunmağı və silahlarla qarşı aparılan işlər barəsində rəsmi məlumat verməyi xahiş edib.