Bakı. Ağa Cəfərli-APA. Bu gün Səfərbərlik və Hərbi üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakı şəhəri üzrə məktəblərin təhsildə fərqlənən yuxarı sinif şagirdləri Dövlət Sərhəd Xidmətinin Akademiyası ilə tanış olublar.
APA-nın məlumatına görə, tədbirin məqsədi yüksək bilik və bacarıqları, mənəvi keyfiyyətləri ilə seçilən, təhsildə fərqlənən yuxarı sinif şagirdlərini hərbi təhsil ocaqlarında yaradılan şəraitlə əyani tanış etmək, onlara hərbi təhsilə maraq oyatmaqdan ibarət olub.
Akademiyanın rəisi, general-mayor Araz Məmmədov şagirdlərlə görüş zamanı akademiyanın yaranması və inkişafı, yüksək ixtisaslı sərhədçi zabitlərin, hərbi elmi işçilərin hazırlanması sahəsində qazanılmış müsbət nəticələr barədə ətraflı məlumat verib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Azər Babayev hərbi vətənpərvərlik təbliğatı ilə bağlı görülən tədbirlər barədə məlumat verib, bir çox tədbirlərin keçirildiyini, bu işin bundan sonra da davam etdiriləcəyini bildirib.
Azər Babayev çıxışını bitirəndən sonra Akademiyanın rəisinə xatirə hədiyyələri təqdim edib.
Sonra Sərhəd Qoşunlarının xidməti döyüş fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, şagirdlər akademiyada yaradılan məişət şəraiti, təlim-tədris prosesi ilə əyani tanış olublar. Sonda şagirdlər çay süfrəsi arxasında kursantlarla söhbət ediblər.