Bakı-APA. Dövlət Sərhəd Xidmətində (DSX) 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirləri keçirilib.
APA-nın DSX-nın saytına istinadən verdiyi məlumata görə, xidmətin Aparatında keçirilən anım mərasiminin iştirakçıları öncə erməni quldurlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciələri əks etdirən sərginin materialları ilə tanış olublar.
Tədbirin rəsmi hissəsi soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Azad Ələkbərov tədbirdə çıxış edərək vurğulayıb ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti erməni şovinist millətçiləri tərəfindən yüz illər boyu planlı surətdə həyata keçirilib. Onun sözlərinə görə, bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olub.
Tədbirdə Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi hər il dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyəti və Azərbaycan prezidenti İlham Əliyevin ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı hadisələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları haqqında geniş məlumat verilib.
Anım mərasimi soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq Dövlət Sərhəd Xidməti Aparatının və Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyəti Hərbi Prokurorluqda fəaliyyət göstərən Soyqırımı Muzeyini ziyarət edib.