Bakı. Fərid Mirzəyev – APA. 23-24 fevral tarixlərində İranda səfərdə olan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi, Nizam-intizam Qüvvələrinin komandanı, general-mayor İsmayıl Əhmədi Müqəddəm və müdafiə naziri, general-mayor Hüseyn Dehqanla görüşlər keçirilib.
DSX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İran rəsmiləri ilə aparılan danışıqlar zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsinin ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid olaraq qaldığı və həmin ərazilərin transsərhəd cinayətkarlıq tərəfindən istifadə olunduğu xüsusən vurğulanıb.
Görüşlər zamanı Azərbaycan-İran sərhədində əməliyyat şəraiti, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, narkotik maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və digər cinayətlərə qarşı mübarizənin aparılması, məlumat mübadiləsinin təşkili, dövlət sərhədindən vətəndaşların gediş-gəlişinin asanlaşdırılması, sərhəd çaylarında həyata keçirilən sahilbərkitmə işləri və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər müddətində gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və İran İslam Respublikası Sərhəd Qoşunları nümayəndələrinin görüş protokolu imzalanıb.
İran və Azərbaycan arasında bir neçə yeni anlaşma sənədi imzalanıb. Sənədləri Q. Rzayi və E. Quliyev imzalayıblar. Sənədlərin konkret hansı məsələləri əhatə etdiyi açıqlanmır.