Bakı. Rəşad Süleymanov - APA. "Ermənistanın müdafiə naziri Seyran Ohanyan cəbhədəki vəziyyətlə bağlı münaqişəyə hansısa təşkilatların diqqətini çəkmək üçün nə qədər çalışsa da o, bu işin mümkünsüzlüyünü anladığından xalqını autotreninq üsulu ilə sakitləşdirmək istəyir".
Bu barədə APA-nın Ermənistanın müdafiə nazirinin münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cəlb olunması barədə səsləndirdiyi fikirlərlə bağıl sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyi bildirir ki, əvvəllər də Ermənistan təxribat əməlləri ilə digər dövlətləri, o cümlədən beynəlxalq təşkilatları özlərinə dəstək olmaları üçün dəfələrlə münaqişəyə cəlb etməyə cəhd göstərib.
«Ona görə də Seyran Ohanyanın bu fikirlərini iltihaba məruz qalan xəstə təxəyyülün növbəti imdad çığırtısı kimi dəyərləndirmək olar», - deyə nazirlik bəyan edib.
Müdafiə Nazirliyi Ermənistana xatırladıb ki, Azərbaycan Silahlı Qüvvələri isə işğal olunmuş ərazilərin tam və birdəfəlik azad olunması hüququna malikdir.
Serj Sarkisyanın ardınca Seyran Ohanyanın cəbhədəki vəziyyətlə bağlı son ritorikasının boş danışıq sayan Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Ohanyanın Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini ölkədəki, ordusundakı ağır vəziyyətdən çəkindirmək məqsədilə atılan addım kimi dəyərləndirilir: “Düşmən anlamalıdır ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinin icrası məqsədilə işğal olunmuş ərazilərdən Ermənistanın silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasıdır. Əks halda işğalçı qüvvələr daha çox itkiyə məruz qalacaq və bütün bunlara, həmçinin törədəcəkləri növbəti təxribatlara görə də birbaşa Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq”.