Bakı. Rəşad Süleymanov – APA. «ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Ağdamda ermənilərə məxsus Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə monitorinq keçirəcəyi barədə yayılan məlumatlar ermənilərin növbəti spekulyasiyasıdır». Bunu APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
V. Dərgahlının sözlərinə görə, erməni tərəfi bununla beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməyi hədəfləyir. Monitorinq qoşunların təmas xəttinin müəyyən olunmuş sahəsində – Ağdam rayonunun Mərzili kəndi yaxınlığında keçiriləcək və bu yer Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytında göstərilib.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq noyabrın 18-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller, Piter Svedberq və Yüksək səviyyəli planlaşdırma qrupunun rəhbəri polkovnik Markus Uidmer (İsveçrə), təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, onun səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi Vitaliy Belokon (Rusiya) keçirəcəklər.