Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən oktyabr ayında Azərbaycanın dövlət sərhədini pozduqları üçün 21 halda 23 nəfər saxlanılıb. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.
Saxlanılanların 10 nəfəri Azərbaycan, 6 nəfəri Özbəkistan, 2 nəfəri İran, 2 nəfəri Türkiyə, 1 nəfəri Gürcüstan, 1 nəfəri Tacikistan və 1 nəfəri Ukrayna vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozarkən quru sərhədlərində 7 halda 10 nəfər, Xəzər dənizində 19 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 226 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Ay ərzində 52 halda ümumi dəyəri təqribən 203 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd avtomat silah, 2 ədəd avtomat silahın darağı, 57 ədəd patron, 1 ədəd qumbara atan silah, 1 ədəd pnevmatik tapança, 7775 qutu müxtəlif markalı siqaret, 163 ədəd müxtəlif ölçülü araq, 73 kiloqram nərə balığı, 5 kiloqram qara kürü, 17740 ədəd pirotexniki vasitələr, 3 ədəd qayıq, 400 metr balıq tutmaq üçün tor, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.