Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına məlumat verin ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Dövlət başçısı zavodu işə salıb.
Müəssisə ilə tanışlıqdan sonra prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb. Dövlət başçısı görüşdə nitq söyləyib.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov çıxış ediblər.
Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan prezidentinin sərəncamları oxunub.
Prezident, Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təltif olunan hərbi qulluqçulara təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.