Bakı. Rəşad Süleymanov – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət Xidmətinin (SHXÇDX) Bakı şəhər Nizami rayon idarəsinin inzibati binasının açılışı olub.
APA-nın məlumatına görə, tədbirdə SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, SHXÇDX əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Arzu Rəhimov ölkədə ordu quruculuğu sahəsində aparılan tədbirlərdən danışaraq bildirib ki, SHXÇDX fəaliyyət göstərdiyi 3 il ərzində səfərbərlik işinin qurulması, çağırışçıların ordu sıralarına çağırılması, gənclərin hərbi vətənpərvərlik işin təşkili sahəsində əhəmiyyətli işlər görülüb. Xidmətin maddi-texniki təminatı yaxşılaşdırılıb: «Bununla belə, düşünürük ki, bu sahədə işlər daha da təkmilləşdirilməlidir. Biz bu istiqamətdə yeni proqramlar nəzərdə tuturuq».
A. Rəhimov qeyd edib ki, indiyədək Xidmətin Ağsu, Sumqayıt, Qazax rayon idarələrinin inzibati binaları yenidən qurulub, 10 rayon idarəsinin binasında yenidənqurma işləri aparılır. Bununla yanaşı, paytaxtın Xətai rayonu ərazisində SHXÇDX-nin yeni inzibati binası, Qaradağ rayonu ərazisində isə Mərkəzi Çağırış Kompleksinin inşası aparılır.
Tədbirdə məlumat verilib ki, yeni 3 mərtəbəli bina 32 xidməti otaqdan və serverin yerləşdiyi zirzəmidən ibarətdir. Bina xidmət üçün zəruri olan avadanlıqlarla tam təchiz olunub.