Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin “ATA Arms” şirkəti Azərbaycana ov tüfənglərinin ixracatını artırmağı planlaşdırır. Bu barədə APA-ya “ATA Arms” şirkətindən məlumat verilib.
Hazırda 56 ölkəyə ixracat həyata keçirən şirkətin illik silah ixracatı 50 min ədədə yaxındır. Şirkət Amerika, İordaniya, Livan, Avropa ölkələri ilə yanaşı, postsovet məkanında Qazaxıstan, Gürcüstan, Rusiya, o cümlədən 2011-ci ildən Azərbaycana ov tüfənglərinin satışını həyata keçirir. Ümumilikdə ixrac edilən ov tüfənglərinin 20 minə yaxını keçmiş sovet coğrafiyasının payına düşür.
“ATA Arms”ın satış meneceri Fatih Doğanın sözlərinə görə, aparılan araşdırmalar nəticəsində ov tüfəngləri üçün yeni promaks lülə hazırlanıb. Yaxın vaxtlarda bazara çıxarılacaq yeni lülə orta məsafədəki hədəfləri daha yaxşı və dəqiq vurma imkanı verəcək. Promaks lülə ilə aparılan atış testlərində dünya standartlarında qəbul edilmiş 35 metr məsafədən hədəfə saçmanın dəyməsi ən yuxarı səviyyədə olub. Testlər zamanı “Benelli” və “Bereta” tüfənglərindən açılan atəş zamanı saçmaların 72%-i hədəfə dəydiyi halda, promaks lülədə bu göstərici 84% olub: “Biz bu lülələri ayrıca şəkildə Azərbaycan bazarına çıxarmağı planlaşdırırıq. Bu promaks lülələri istənilən ov tüfənginə quraşdırmaq mümkündür”.