Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Batman bölgəsində keçirilən test uçuşları zamanı yerli istehsal olan “Anka” adlı pilotsuz uçuş aparatı qəzaya uğrayıb. APA-nın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 6-da yerli vaxtla saat 16:00-da baş verib. Test uçuşları zamanı bazaya dönən uçuş aparatı naməlum səbəbdən qəzaya uğrayıb.
Aparatı istehsal edən TAİ şirkətinin yaydığı açıqlamada fakt təsdiqlənib. Açıqlamada qeyd olunub ki, “Anka”nın test uçuşları 2013-cü ilin ikinci yarısından Batmanda keçirilir. Faktla bağlı texniki araşdırmalar davam edir.
Qeyd edək ki, bu, testlər zamanı qəzaya uğrayan ikinci “Anka”dır. Birinci hadisə 2012-ci ilin oktyabr ayında baş verib.
Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə TAİ arasında ötən ay 10 ədəd “Anka”nın alğı-satqısına dair müqavilə imzalanıb.