Bank Of Baku

Zakir Həsənov: “Azərbaycan 34 ölkə ilə hərbi əməkdaşlıq sahəsində yeni hüquq-müqavilə sənədləri imzalayıb”

Zakir Həsənov: “Azərbaycan 34 ölkə ilə hərbi əməkdaşlıq sahəsində yeni hüquq-müqavilə sənədləri imzalayıb”
# 24 iyun 2015 08:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan 34 ölkə ilə hərbi əməkdaşlıq sahəsində yeni hüquq-müqavilə sənədləri imzalayıb, daha 26 ölkə ilə eyni müqavilə sənədlərinin imzalanmasına dair müzakirələr aparılır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr etdiyi çıxışında bildirib.

Nazir qeyd edib ki, Müdafiə Nazirliyinin beynəlxalq aləmdəki fəaliyyəti vahid xarici siyasət strategiyasının tərkib hissəsi olaraq dövlətin milli maraqlarının həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə yönəldilib: “Bu fəaliyyət çərçivəsində, xüsusilə də son illərdə Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq sahəsində çoxsaylı təşkilatlarla, ikitərəfli və çoxtərəfli əlaqələri inkişaf etdirilməklə daha çox praktiki iş birliyinə üstünlük verilib. Belə ki, ötən bir il ərzində əsas diqqəti müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılmasına, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin və əməliyyat uyarlılığının artırılmasına, hərbi təhsil və tədris istiqamətində qabaqcıl təcrübələrin öyrənilməsinə, sülhməramlı əməliyyatlarda iştiraka, enerji və kibertəhlükəsizliyin təminatına və digər təhlükəsizlik çağırışları ilə mübarizəyə yönəltməklə bir çox silsilə tədbirlər həyata keçirilib.

İndiyədək 34 ölkə ilə hərbi əməkdaşlıq sahəsində hökumətlərarası və qurumlararası yeni hüquq-müqavilə sənədləri imzalanıb, daha 26 ölkə ilə eyni müqavilə sənədlərinin imzalanmasına dair müzakirələr aparılır.

Xüsusilə qeyd etmək lazımdır ki, son bir il ərzində Latviya, Serbiya, Türkiyə, Gürcüstan, Litva, Rusiya, Qırğızıstan və İranın müdafiə nazirləri respublikamıza işgüzar səfərlər edib, bununla yanaşı, Türkiyə Respublikasının Silahlı Qüvvələri və Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında müdafiə sahəsində yüksək səviyyəli dialoq iclasları keçirilib.

Silahlı Qüvvələrin beynəlxalq təhlükəsizliyə və sabitliyə töhfəsi artmaqda davam edir. Belə ki, 2015-ci ildən NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik sülhməramlı kontingenti strateji əhəmiyyətə malik Kabil beynəlxalq hava limanını mühafizə edir. Ümumiyyətlə isə 1999-cu ildən bu günə qədər Silahlı Qüvvələrin 3 minə yaxın hərbi qulluqçusu dünyanın müxtəlif regionlarında keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib.

Müdafiə Nazirliyi eyni zamanda, NATO-nun “Sülh Naminə Tərəfdaşlıq”(SNT) Proqramı çərçivəsində mövcud mexanizmlərdən də səmərəli şəkildə istifadə edir. Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Silahlı Qüvvələrin bir taboru NATO-nun qiymətləndirmə təlimlərindən müvəffəqiyyətlə keçərək 2014-cü ildə NATO-nun “Döyüşə hazır” sertifikatını alıb. Bundan əlavə, Silahlı Qüvvələrin bir kəşfiyyat bölüyü də 2015-ci ilin yanvarında Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilib.

Sülhməramlı əməliyyatlar və NATO qərargahlarında digər dövlətlərin hərbi qulluqçuları ilə çiyin-çiyinə xidmət zamanı toplanılan təcrübə Silahlı Qüvvələrimizin qarşılıqlı uyarlılıq səviyyəsinin artırılmasına və müvafiq qabiliyyətlərin əldə edilməsinə imkan yaradıb. Hazırda Silahlı Qüvvələrin 10 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edir. Bu xidmət Azərbaycanı NATO ilə əməkdaşlıq edən digər tərəfdaş dövlətlər arasında lider ölkəyə çevirib". 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR