Bank Of Baku

Zakir Həsənov: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası”nın layihəsi üzərində işlər davam etdirilir"

Zakir Həsənov: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası”nın layihəsi üzərində işlər davam etdirilir"
# 24 iyun 2015 08:57 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr siyasəti konsepsiyası”nın layihəsi üzərində işlər davam etdirilir”.

 

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətlə etdiyi müraciətdə deyib.

 

Zakir Həsənov bildirib ki, hərbi xidmətin nüfuzunun artırılması və maddi stimullaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi hərbi quruculuqda aparılan irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdən hesab olunur: "Müdafiə Nazirliyi ölkənin əsas güc strukturlarından biri kimi bu sahədə bir neçə yeni qanunvericilik aktının layihələrini hazırlayıb, aidiyyəti dövlət qurumları ilə razılaşdırıb və onları müvafiq instansiyaya təqdim edib.

 

Keçən ilin dekabrında Silahlı Qüvvələrin Sıra Nizamnaməsi təsdiq edilib. Bu nizamnamə bir sıra yeniliklərlə yanaşı, həm də mövcud qaydaların təkmilləşdirilməsini özündə ehtiva edir. Şübhəsiz ki, bu, birinci növbədə orduda hərbi intizamın möhkəmləndirilməsinə istiqamətlənib”.

 

Müdafiə naziri bildirib ki, hərbi sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir: “Silahlı Qüvvələrin İntizam, Qarnizon və Qarovul xidmətləri, Daxili Xidmət nizamnamələrinin təkmilləşdirilməsi məqsədilə onların yeni layihələri hazırlanıb və razılaşdırılması üçün aidiyyəti dövlət orqanlarına göndərilib. Artıq razılaşdırma prosesi başa çatmaq üzrədir.

 

Müasir standartlara keçidlə əlaqədar hərbi birləşmələrdə bəzi vəzifələrin səlahiyyətlərinə dəyişikliklər edilib, yeni yaradılan bir sıra vəzifələr və onların səlahiyyətləri artıq Daxili Xidmət Nizamnaməsinin yeni layihəsində əksini tapıb.

 

Biz hərbi qanunvericilik aktlarını təkmilləşdirərkən, şübhəsiz, dünya təcrübəsini nəzərdən keçiririk. Bu zaman hansısa konkret bir ölkənin təcrübəsinə deyil, Azərbaycanın milli mənafelərinə üstünlük verir, inkişaf etmiş dövlətlərin təcrübəsindən yararlanırıq.

 

Hərbi qulluqçuların hüquq və vəzifələrini müəyyən edən, əsas normativ hüquqi akt olan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsi hazırlanaraq, hərbi qulluqçuların, onların ailə üzvlərinin, ehtiyata və ya istefaya buraxılmış şəxslərin sosial və hüquqi təminatının daha da yaxşılaşdırılması məqsədilə sənədə bir sıra yeni müddəalar daxil edilib.

 

Silahlı Qüvvələrdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə xidmət dövründə istifadə etmədikləri növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunub. Bu qərara əsasən, Müdafiə Nazirliyi tərəfindən kompensasiyanın ödənilməsi qaydaları təsdiq edilib. Proses mərhələli şəkildə və vəsait ayrıldıqca həyata keçiriləcək.

 

Silahlı Qüvvələrdə aparılan islahatlar çərçivəsində hərbi hissə komandirlərinin hərbi nizamnamələr və normativ hüquqi aktlarla müəyyən olunan hüquqlarının icrasına imkan verən sənədlərin layihələri hazırlanıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR