Bank Of Baku

Zaqatala, Cəlilabad, Kürdəmir və Şəkidə şəhidlər dəfn edilib - FOTO - YENİLƏNİB 1

Zaqatalada şəhid dəfni

© APA | Zaqatalada şəhid dəfni

# 14 sentyabr 2022 12:22 (UTC +04:00)

Ermənistanın dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin gənc zabiti, 1999-cu il təvəllüdlü Zaqatala rayon Yuxarı Tala kənd sakini leytenant Ömərov Sərxan Mübariz oğlunun cənazəsi bu gün doğulduğu Zaqatala rayonunun Yuxarı Tala kəndinə gətirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Sərxan Ömərovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Zaqatala Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Sərxan Ömərov kəndinin qəbiristanlığında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, ailədə iki bacının tək qardaşı olan Sərxan Ömərov 4 ay əvvəl hərbi məktəbi başa vuraraq gənc zabit kimi xidmətə başlayıbmış.

Vüqar Heydərov
***

12:13

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısını alarkən şəhid olan Həsənov Səid Sarıbala oğlunun nəşi ailəsinə təhvil verilib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Əsədli kənd sakini, 1992-ci il təvəllüdlü S.Həsənovun nəşi doğulduğu kəndə gətirilib.

Onun nəşi Əsədli kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Səid Həsənov nişanlı idi.

Xatırladaq ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Səid Həsənov 44 günlük Vətən müharibəsində də böyük şücaət göstərib və "Döyüşdə fərqlənməyə görə", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

İlkin Rzayev

***

12:05

Ermənistanın təxribatı nəticəsində şəhid olan Kürdəmir rayonunun Dəyirmanlı kənd sakini, 1991-ci il təvəllüdlü XTQ-nin giziri Nəzər Ağacəlil oğlu Əzizov son mənzilə yola salınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Nəzər Əzizovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun yaxınları, rayon icra hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin ruhuna dualar oxunub. Daha sonra şəhid Nəzər Əzizov rayonda yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu təxribatın qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
Zahid Abışov

***
Azərbaycan Ordusunun əsgəri, 2003-cü il təvəllüdlü Şəki rayonu Kiçik Dəhnə kənd sakini Nihad Mehman oğlu Qasımovun cənazəsi bu gün doğulduğu Şəki rayonu Kiçik Dəhnə kəndinə gətirilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Nihad Qasımovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Şəki Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndirilib.

Şəhid Nihad Qasımov doğulduğu Kiçik Dənhə kəndinin inzibati ərazisindəki Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin cənazənin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub.

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR