Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində (EGDI) 2024-cü ildəki 74-cü mövqeyindən 36 pillə irəliləyərək bu il 38-ci yerə yüksəlib. Ölkəmizin 2026-cı il üzrə nəticəsi yalnız beynəlxalq reytinqdə mövqeyinin yaxşılaşması deyil, həm də rəqəmsal dövlət xidmətlərinin inkişafı, vətəndaşların elektron iştirak imkanlarının genişlənməsi və dövlət qurumları arasında rəqəmsal inteqrasiyanın güclənməsi baxımından diqqət çəkir.
BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) 19 noyabr 2026-cı ildə açıqladığı hesabata əsasən, Azərbaycan 0,8847 balla 193 ölkə arasında 38-ci yerdə qərarlaşıb. 2024-cü ildə bu göstərici 0,7607 bal, ölkənin mövqeyi isə 74-cü yer olub. Beləliklə, iki il ərzində indeks üzrə bal 16,3% artıb, reytinqdə isə 36 pillə irəliləyiş qeydə alınıb. Bununla da Azərbaycan dünyada ən böyük sıçrayış edən 3-cü ölkə olub. Ölkə “Çox yüksək EGDI” qrupunda V1 alt qrupundan V3 alt qrupuna keçib.
Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Bakıda keçirilmiş BTİ-nin Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) Azərbaycan Respublikasının Prezidenti tərəfindən BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EGDI) üzrə növbəti beş il ərzində ilk 40 ölkə sırasına daxil olmaq hədəfi səsləndirilib, 2026-cı il hesabatının nəticələrinə əsasən isə həmin hədəfə cəmi bir il ərzində nail olunub.
İrəliləyişin əsas mənbəyi onlayn xidmətlərdir
İrəliləyişin əsasını onlayn xidmətlərin inkişafı təşkil edir. Onlayn Xidmətlər İndeksi (OSI) üzrə Azərbaycan 2024-cü ildəki 67-ci yerdən 2026-cı ildə 11-ci yerə yüksəlib. Bu göstərici üzrə ölkə Avropa və yüksək gəlirli ölkələrin orta səviyyəsini də üstələyib.
Nəticəyə “myGov” platformasının genişləndirilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin inkişafı və elektron xidmətlərin vahid sistemdə təqdim olunması təsir göstərib. Hazırda platformada 430-dan çox rəqəmsal xidmət və 100-dən artıq elektron sənəd və məlumat növü mövcuddur.
Vətəndaşların dövlət idarəçiliyində iştirakını ölçən göstərici üzrə də ciddi irəliləyiş qeydə alınıb. Azərbaycan bu indeksdə 2024-cü ildəki 88-ci yerdən 17-ci yerə yüksəlib. Bu istiqamətdə elektron iştirak mexanizmlərinin və vətəndaşlarla rəqəmsal əlaqə kanallarının genişləndirilməsi mühüm rol oynayıb.
Telekommunikasiya infrastrukturu və insan kapitalı göstəricilərində də artım var. Telekommunikasiya İnfrastrukturu İndeksi üzrə Azərbaycan 54-cü, İnsan Kapitalı İndeksi üzrə isə 60-cı yerdə qərarlaşıb.
Regional müqayisədə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinci yerdədir. Ermənistan 55-ci, Gürcüstan isə 58-ci mövqedə qərarlaşıb. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında isə Azərbaycan Türkiyədən sonra ikinci yerdədir.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov bildirib ki, Azərbaycanın EDGI üzrə 38-ci yerə yüksəlməsi ölkənin bu indeks tarixindəki ən yüksək nəticəsidir: “Azərbaycanın elektron hökumət üzrə beynəlxalq reytinqlərdə irəliləyişi ölkənin rəqəmsal transformasiyasını sürətləndirmək üçün həyata keçirilən ardıcıl siyasətin və sistemli səylərin nəticəsidir.
Prezident İlham Əliyevin rəqəmsal inkişafa davamlı diqqəti və bu sahədəki təşəbbüsləri, Rəqəmsal İnkişaf Konsepsiyasının və 2026–2028-ci illər üzrə Fəaliyyət Planının qəbul edilməsi, eləcə də Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda keçirilən müşavirə bu irəliləyişə töhfə verib.
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrlik etdiyi Rəqəmsal İnkişaf Şurası da bu prioritetlərin əlaqələndirilməsində və həyata keçirilməsində mühüm rol oynayır. Əsas tədbirlər arasında dövlət xidmətlərinin rəqəmsallaşdırılması, “mygov” və “digital.bridge” platformalarının inkişafı, xidmətlərin kağızsız və proaktiv şəkildə təqdim edilməsinin genişləndirilməsi və rəqəmsal bacarıqların gücləndirilməsi yer alıb.
Məqsədimiz davamlı irəliləyişlə bu nəticələri daha da yaxşılaşdırmaq və Azərbaycanı rəqəmsal hökumət sahəsində dünyanın aparıcı ölkələri sırasına çıxarmaqdır.”
İRİA İdarə Heyətinin sədr müavini Şahin Əliyev isə Azərbaycanın reytinqdə 36 pillə irəliləməsinin sistemli dövlət siyasəti, qurumlararası əməkdaşlıq və koordinasiyalı fəaliyyətin nəticəsi olduğunu vurğulayıb:
“Dövlət rəhbərliyi səviyyəsində rəqəmsal transformasiyaya verilən prioritet, qəbul edilmiş strateji sənədlər, qurumlararası əməkdaşlıq, mygov-un vahid rəqəmsal platforma kimi inkişafı, məlumat mübadiləsinin genişləndirilməsi və kağızsız hökumətə keçid bu irəliləyişdə mühüm rol oynayıb. Əsas məqsədimiz yalnız beynəlxalq reytinqlərdə yüksəlmək deyil, dövlət xidmətlərini vətəndaşlar üçün daha sadə, əlçatan və proaktiv etməkdir. Bu nailiyyət həm də növbəti mərhələdə daha böyük nəticələr əldə etmək üçün güclü təməldir”.

BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin (UN DESA) Dövlət İnstitutları və Rəqəmsal Hökumət Bölməsinin Rəqəmsal Hökumət şöbəsinin rəhbəri Vinçenzo Akvaro noyabrın 19-da Nyu-Yorkda 2026-cı il Elektron Hökumət Sorğusunun təqdimatında çıxışı zamanı Azərbaycanın əldə etdiyi nəticəni yüksək qiymətləndirib: “Azərbaycan 2024–2026-cı illər ərzində əhəmiyyətli irəliləyiş əldə etmiş ölkələr sırasındadır. 2024-cü ildə ölkə 74-cü yerdə idisə, indi 38-ci yerdədir. Bu, həqiqətən də təsiredici sıçrayışdır”.
Onun sözlərinə görə, buna bir sıra əsas amillər töhfə verib: “İlk növbədə, biz ölkə rəhbərliyinin güclü iradəsini, eləcə də inkişafı dəstəkləyən effektiv normativ-hüquqi bazanı qeyd edirik. Söhbət təkcə kadr potensialından, siyasət və strategiyadan deyil, həm də investisiyalardan gedir: artıq qeyd olunduğu kimi, Azərbaycan bu istiqamətə əhəmiyyətli vəsait yatırıb”.
“Azərbaycan, həqiqətən də çox maraqlı ölkədir və mən əminəm ki, bu ölkənin təcrübəsi həm regionda, həm də bütün dünyada digər dövlətlər üçün qabaqcıl təcrübə nümunəsi olmalıdır”, - deyə o vurğulayıb.

Rəqəmsal hökumətin inkişafında növbəti hədəflər
Növbəti mərhələdə Azərbaycanın rəqəmsal hökumət sahəsində mövqeyinin daha da yaxşılaşdırılması üçün bir sıra istiqamətlər üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur. Bunlardan biri insan kapitalının inkişafıdır. Bu məqsədlə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ali və peşə təhsilinə cəlbolunmanın artırılması, eləcə də UNESCO-ya məlumatların vaxtında və tam təqdim edilməsi vacibdir.
Digər prioritetlər süni intellekt layihələrinin genişləndirilməsi, myGov-da süni intellekt agentlərinin tətbiqi və agentli hökumətə keçiddir. Bu addımlar xidmətlərin təqdim edilməsi üzrə ilk beşliyə daxil olmaq imkanı yarada bilər. Eyni zamanda, texnologiya alt indeksi üzrə mövqeyin yaxşılaşdırılması üçün dövlət portallarında əlçatanlıq, mobil uyğunluq və təhlükəsizlik standartlarının daha da təkmilləşdirilməsi nəzərdə tutulur.
Mobil konnektivliyin yaxşılaşdırılması da əsas hədəflərdəndir. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə məlumatların müvafiq metodologiyaya uyğun hesablanması və vaxtında təqdim edilməsi, mobil operatorlarla isə vahid rüblük hesabat mexanizminin qurulması nəzərdə tutulur. Bundan başqa, Azərbaycanın rəqəmsal hökumət təcrübəsinin Şimal–Cənub və Qlobal Cənub əməkdaşlığı çərçivəsində tərəfdaş ölkələrlə paylaşılması da prioritet istiqamətlər sırasındadır.
Azərbaycanın EGDI üzrə 36 pillə irəliləyərək ilk 40 ölkə sırasına daxil olması rəqəmsal hökumət sahəsində həyata keçirilən islahatların nəticəsini göstərir. Bununla yanaşı, əldə olunan mövqenin qorunması və daha da yaxşılaşdırılması üçün elektron xidmətlərin keyfiyyətinin artırılması, texnoloji infrastrukturun gücləndirilməsi və rəqəmsal imkanların daha geniş əhali qrupları üçün əlçatan olması vacibdir. Növbəti illərdə bu istiqamətlərdə atılacaq addımlar Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin daha da yüksəlməsinə və rəqəmsal dövlət xidmətlərinin gündəlik həyatda daha geniş tətbiqinə təsir göstərəcək.