Bank Of Baku

İsraildə qabaqcıl pediatrik reabilitasiya təcrübəsi öyrənilib

İsraildə qabaqcıl pediatrik reabilitasiya təcrübəsi öyrənilib
# 25 iyun 2026 15:00 (UTC +04:00)

İnnovasiya sahəsində fəaliyyət göstərən Azərbaycan nümayəndə heyəti İsrailin aparıcı pediatrik reabilitasiya mərkəzlərindən biri olan ALYN Hospital-ı ziyarət edib.

APA-nın Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə xəstəxananın fəaliyyəti, reabilitasiya sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar, tibbi innovasiyalar və elmi-tədqiqat istiqamətləri barədə ətraflı məlumat təqdim olunub.

Bildirilib ki, ALYN Hospital İsrail və Yaxın Şərqin yeganə ixtisaslaşmış pediatrik reabilitasiya xəstəxanasıdır. Müəssisə ağır fiziki məhdudiyyətləri və mürəkkəb nevroloji problemləri olan uşaqların müalicə və reabilitasiyası üzrə ixtisaslaşıb. Xəstəxanada robotlaşdırılmış reabilitasiya sistemləri, süni intellekt əsaslı tibbi həllər, fərdiləşdirilmiş assistiv texnologiyalar və rəqəmsal sağlamlıq platformaları geniş tətbiq edilir.

Görüş zamanı xəstəxananın nəzdində fəaliyyət göstərən innovasiya mərkəzinin işi barədə də təqdimat keçirilib. Qeyd olunub ki, burada həkimlər, mühəndislər, tədqiqatçılar və startaplar birgə çalışaraq uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni tibbi texnologiyalar hazırlayırlar.

Dialoq zamanı tərəflər səhiyyədə innovasiyaların tətbiqi, tibbi texnologiyalar, rəqəmsal həllər, eləcə də innovasiya ekosistemləri arasında bilik və təcrübə mübadiləsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Görüşdə gələcəkdə birgə layihələrin həyata keçirilməsi, innovativ həllərin paylaşılması və peşəkar əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti xəstəxananın müxtəlif reabilitasiya şöbələri, laboratoriyaları və innovativ müalicə infrastrukturu ilə də yaxından tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR