Kiberdiplomatiyadan danışarkən bunun yalnız siyasi məsələ olmadığını nəzərə almalıyıq.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabbarov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”ı çərçivəsində keçirilən panel müzakirələrində deyib.
Onun sözlərinə görə, bu məsələnin arxasında hər zaman texnoloji və iqtisadi amillər dayanır: “Bir çox hallarda siyasi proseslərə məhz texnoloji və iqtisadi aspektlər istiqamət verir. Buna görə də hesab edirəm ki, beynəlxalq əməkdaşlıqdan və onun daxili səviyyəyə tətbiqindən danışarkən texnoloji və iqtisadi tərəfdaşlıq məsələlərini də daim diqqətdə saxlamalıyıq. Belə tərəfdaşlıqlar isə yalnız assosiasiyamız kimi daxili ittifaqların mövcudluğu sayəsində formalaşa bilər”.
İcraçı direktor daxili əməkdaşlığın əhəmiyyətini də vurğulayıb: “Güclü yerli icma formalaşdırmadan və hökumətdən, dövlət qurumlarından tutmuş infrastruktur təminatçılarına, İT və kibertəhlükəsizlik şirkətlərinə qədər bütün maraqlı tərəfləri prosesə cəlb etmədən beynəlxalq əməkdaşlıqdan faydalana bilmərik.
Belə tərəfdaşlıq qurmaq üçün bütün bu maraqlı tərəfləri bir araya gətirməli, sıx əməkdaşlıq etməli və bir-birimizə necə kömək edə biləcəyimizi müəyyənləşdirməliyik”.