Süni intellekt hökumətlərə beynəlxalq prosesləri daha sürətlə təhlil etməyə, siyasi və iqtisadi riskləri qiymətləndirməyə, böyük həcmdə informasiyanı emal etməyə və diplomatik kommunikasiyanı təkmilləşdirməyə imkan verir.
“APA-Economics” xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının “Kibertəhlükəsizlik Mərkəzi” Dövlət Unitar Müəssisəsinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Bekzod Muminov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransı çərçivəsində keçirilən panel müzakirələrində deyib.
O qeyd edib ki, bununla yanaşı, informasiya etibarlılığı, dezinformasiya, kibertəhdidlər və ictimai rəyin manipulyasiyası ilə bağlı yeni problemlər də yaradır:
“Bizim üçün bu proseslərə yalnız texnoloji çağırışlar kimi deyil, həm də formalaşmaqda olan beynəlxalq sistemdə mövqeyimizi gücləndirmək imkanı kimi yanaşmaq xüsusilə vacibdir. Buna görə də diplomatiya texnoloji məsələlərin sadəcə müzakirəsi ilə məhdudlaşmamalıdır. O, beynəlxalq qaydaların formalaşdırılması, etimadın yaradılması və geosiyasi gərginliyin yeni formalarının qarşısının alınması üçün əsas vasitələrdən birinə çevrilməlidir.
Məhz buna görə biz süni intellektin inkişafının yeni texnoloji rəqabət alətinə deyil, əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyi beynəlxalq yanaşmanı təşviq etməyə çalışırıq”.
Onun sözlərinə görə, BMT, UNESCO və ITU süni intellekt sahəsində beynəlxalq dialoqda mühüm rol oynamalıdır:
“Bu gün süni intellektə yanaşma, tənzimləmə, məlumatların qorunması, texnoloji standartlar və hesablama resurslarına çıxış baxımından milli səviyyədə fərqliliklərin şahidi oluruq. Əgər bu fərqlər kifayət qədər beynəlxalq dialoq olmadan inkişaf etməkdə davam edərsə, bilik, innovasiya və texnologiya mübadiləsini məhdudlaşdıra biləcək təcrid olunmuş texnoloji ekosistemlərin yaranması riski var.
Bu baxımdan Birləşmiş Millətlər Təşkilatı, UNESCO və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) kimi təşkilatlar beynəlxalq ictimaiyyətin maraqlarının daha balanslı təmsil olunmasını təmin edə biləcək çoxtərəfli platformalar kimi xüsusilə mühüm rol oynamalıdır”.