Milli təhlükəsizlik sahəsində biz üç məsələ arasında ciddi fərq qoyuruq: bildiklərimiz, qiymətləndirdiklərimiz və qərar verdiklərimiz. Süni intellekt ilk iki istiqamətdə bizə kömək edə və dəstək göstərə bilər, lakin üçüncü məsələ üzrə məsuliyyəti öz üzərinə götürə bilməz.
“APA-Economics” xəbər verir ki, bu barədə Albaniya Elektrik Korporasiyasının (KESH) Baş Texnologiya Direktoru, həmçinin, Albaniyanın Milli Kibertəhlükəsizlik Qurumu üzrə Monitorinq və İnsidentlərə Cavab Departamentinin keçmiş direktoru Esmeralda Kazia “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”ı çərçivəsində keçirilən panel müzakirələrində deyib.
O qeyd edib ki, süni intellekt vətəndaşlar, müttəfiqlər və ya başqa bir dövlət qarşısında dayanaraq milli qərarın nəticələrinə görə cavabdehlik daşıya bilməz:
“Məlumatlar, bulud infrastrukturu, rəqəmsal şəbəkələr və texniki standartlar dövlət sərhədlərini aşır. Buna görə də strateji muxtariyyət texnoloji təcrid demək ola bilməz. Çünki heç bir ölkə, hətta ən böyük dövlət belə, bütün platformaları özü yarada, bütün təchizat zəncirlərinə nəzarət edə və bütün kiber təhdidlərlə təkbaşına mübarizə apara bilməz.
Lakin muxtariyyət istifadə etdiyimiz sistemləri anlamaq, onların təqdim etdiyi nəticələri sorğulamaq və texnoloji mürəkkəbliyin arxasında siyasi məsuliyyəti gizlətməkdən imtina etmək imkanını qoruyub saxlamaq deməkdir”.
“Albaniyanın təcrübəsi göstərir ki, kiçik dövlətlər qaydalar artıq müəyyən edildikdən sonra prosesə qoşulmağa dəvət edilməməlidir. Biz qlobal təhlükəsizliyin sadəcə istehlakçıları deyilik. Biz insidentləri idarə edir, mühüm xidmətləri qoruyur və uzaqdakı texnoloji və siyasi mərkəzlərdə qəbul edilən qərarların nəticələrini öz üzərimizdə hiss edirik.
Buna görə də bizim yerimiz icra zəncirinin sonunda deyil, qaydaların formalaşdırıldığı masanın ətrafındadır. Çünki süni intellekt dövrünün yeni nizamının müəyyənləşdirilməsində iştirak etməsək, bu nizamdan kənarda qalmayacağıq. Sadəcə olaraq, başqalarının hazırladığı nizamın daxilində yaşayacağıq”, - deyə Esmeralda Kazia bildirib.