Azərbaycanda son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, ikili diplom proqramları, beynəlxalq tərəfdaşlarla reallaşdırılan layihələr, "bootcamp"lər və yeni fakültələrin yaradılması gənclərə ölkədən ayrılmadan keyfiyyətli ali təhsil almaq imkanı yaradır.
“APA-Economics” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli Bakıda keçirilən ali təhsil müəssisələrində rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramı – “IT SkillSprint”in bağlanış mərasimində deyib.
Nazir müavini bildirib ki, məqsəd Azərbaycanın ən istedadlı gənclərinin dünyanın ən yaxşı təhsil imkanlarından ölkə daxilində də yararlana bilməsidir.
Həsən Həsənli xatırladıb ki, Prezidentin sərəncamı ilə 2007-ci ildən xaricdə təhsil üzrə Dövlət Proqramı həyata keçirilir və bu proqram hazırda da davam edir.
“Bu gün də hər il 500 gəncimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil almağa göndərilir. Amma bununla yanaşı, həmişə belə bir arzumuz olub ki, xaricdə təhsil almağa imkan olsun, lakin buna ehtiyac qalmasın. Bugünkü proqram da bunun çox yaxşı nümunəsidir və ümid edirik ki, bu təşəbbüs davamlı olacaq”, – deyə nazir müavini vurğulayıb.