Bakı - APA. 9 iyul - Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli İncəsənət Muzeyi, “Səba” ticarət markası və “Artişok” şirkətinin dəstəyi ilə Azərbaycanda akkreditə olunmuş səfirliklərin əməkdaşları üçün “Azərbaycan incəsənəti minilliklər boyu” adlı sərginin xüsusi təqdimatı keçiriləcək. APA-nın xəbərinə görə, ekspozisiyada qədim Azərbaycan maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri, Göygöl, Beyləqan, Naxçıvan, Şəki, Şamaxı və s. bölgələrdən tapılan keramika, tunc və dəmir dövrlərinə aid metal nümunələri, 12-19-cu əsrlərdə Bakıda, Gəncədə, Təbrizdə, Naxçıvanda, Şamaxıda hazırlanmış silahlar, döyüş əlbisələri, 18-ci əsrə aid kaşı üzlüklər, məişət və mərasim ayinləri ilə əlaqədar hazırlanmış dulusçuluq və metal əşyalar nümayiş etdiriləcək.
Bunlarla yanaşı, ekspozisiyada müxtəlif tikmə, xovlu və xovsuz xalçalar, milli qadın geyimləri, zərgərlik, bədii ağac nümunələri də nümayiş olunacaq.
Təqdimat iyulun 5-də Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək.