Bakı. Cavid Zeynalov-APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının “Motivlər...” adlı kinoalmanaxın çəkilişlərinə start verilib. APA-nın məlumatına görə, “Motivlər...” kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsində “Adari Films” tərəfindən qalib layihə kimi təsdiqlənib.
Kinoalmanax xaricdə kino təhsili almış altı azərbaycanlı gəncin çəkəcəyi altı qısametrajlı filmdən ibarətdir.
Layihə çərçivəsində rejissor Rüfət Həsənovun “Bazar günü” qısametrajlı filminin çəkilişlərinə start verilib. Rüfət Həsənov Bates College (ABŞ), Kino və Teatr Rejissorluğu məzunu, 5 filmin müəllifidir. Onun “O, Sortie” filmi 2010-cu ildə xüsusi jüri mükafatına layiq görülüb.