Bakı. Cavid Zeynalov – APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında gənc rejissorların film çəkilişləri davam edir. “Azərbaycanfilm”in direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, “Motivlər...” kinoalmanaxının tərkibinə daxil olan filmlərin təqdimatı noyabrın axırı, dekabrın əvvəlinə planlaşdırılır. Yeni layihə çərçivəsində ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov olan “Axınla üzü aşağı” filminin çəkiliş prosesi başa çatıb. Müşfiq Hətəmov bildirib ki, oktyabr ayında filmin premyerası keçiriləcək.
“Axınla üzü aşağı” filminin quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Nadir Əliyevdir.
Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.
Qeyd edək ki, “Motivlər...” kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsində “Adari Films” tərəfindən qalib layihə kimi təsdiqlənib.