Bakı. Xanım Nağıyeva – APA. Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Azərbaycan - Özbəkistan uşaqlarının gözü ilə, Özbəkistan - Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi, Özbəkistanın "Fond Forum", "Yangi Avlod" Forumu və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Özbəkistanda səfərdə olan Azərbaycanın "Neftçi" futbol klubunun veteran futbolçuları da sərgi ilə tanış olublar.
Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən Özbəkistana gətirilmiş 50 rəsm, habelə Özbəkistanın "Yangi Avlod" Forumu tərəfindən özbək uşaqlarının çəkdiyi 50 rəsm, eləcə də Azərbaycan milli ornamentləri ilə bəzədilmiş suvenirlər sərgi iştirakçılarına nümayiş etdirilib.
Sərginin keçirilməsində əsas məqsəd Azərbaycan haqqında özbək, Özbəkistan haqqında isə Azərbaycan uşaqlarının düşüncələrini rənglərin dili ilə ictimaiyyətə çatdırmaqdır.
Sərgidə "Yangi Avlod" Forumu tərəfindən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə hədiyyə olaraq Azərbaycan şairi Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" əsərindən çəkilmiş miniatür bağışlanıb.