Bakı. Cavid Zeynalov - APA. Sabah Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyi ərəfəsində “Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc ifaçıların təqdimatında” silsiləsindən II Konsert keçiriləcək.
İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsert proqramında Asəf Zeynallının “Ölkəm” romansı, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Rəqs”, Fikrət Əmirovun “Elegiya”, Tofiq Quliyevin “Kiçik skertso” və s. əsərlər ifa olunacaq.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ilin 30 iyununda yaradılıb. İttifaqa müxtəlif illərdə Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev rəhbərlik ediblər. Bəstəkarlar İttifaqının hazırkı sədri Azərbaycanın xalq artisti Firəngiz Əlizadədir.