Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Milli İncəsənət Muzeyində “Azərbaycan incəsənəti minilliklər boyu” adlı sərginin xüsusi təqdimatı keçirilib.
APA-nın məlumatına görə, təqdimat 9 iyul - Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü ilə əlaqədar Azərbaycanda akkreditə olunmuş səfirliklərin əməkdaşları üçün Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyi tərəfindən təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev bildirib ki, Azərbaycanda ən müasir muzeylərin tikilməsi üçün hər cür şərait yaradılıb: “Həmin muzeylərdə müxtəlif sərgilər təşkil olunur. Hazırkı sərgi min illərlə yaşı olan zəngin Azərbaycan mədəniyyəti və tarixi haqqında təsəvvür formalaşdırır”.
Azərbaycanın UNESCO-dakı Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva həmkarlarını qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib: “Diplomatiya da incəsənətdir. O da incəsənət kimi xalqları yaxınlaşdırır və onlar arasında əməkdaşlıq körpüsü yaradır”.
G. Əfəndiyeva qeyd edib ki, Azərbaycan diplomatiyası bir sıra uğurlara imza atıb, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq möhkəmləndirilib.
Qonaqlar muzeydə nümayiş olunan Qərbi Avropa, rus, Azərbaycan incəsənətinin müxtəlif dövrlərini əks etdirən təsviri və tətbiqi sənət nümunələri, eyni zamanda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və sənət müasirləri” adlı sərgi ilə tanış olublar.
Təqdim olunan ekspozisiyada qədim Azərbaycan maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilkin və sonrakı dövrlərdə təkmilləşən tətbiqi və təsviri sənət nümunələri, Göygöl, Beyləqan, Naxçıvan, Şəki, Şamaxı və s. bölgələrdən tapılan keramika, tunc və dəmir dövrlərinə aid metal nümunələri, 12-19-cu əsrlərdə Bakıda, Gəncədə, Təbrizdə, Naxçıvanda, Şamaxıda hazırlanmış silahlar, döyüş əlbisələri, 18-ci əsrə aid kaşı üzlüklər, məişət və mərasim ayinləri ilə əlaqədar hazırlanmış dulusçuluq və metal əşyalar, müxtəlif tikmə, xovlu və xovsuz xalçalar, milli qadın geyimləri, zərgərlik, bədii ağac nümunələri də nümayiş olunub.
Təqdimatda XİN nümayəndələri və Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların rəhbərləri iştirak ediblər.