Bakı. Cavid Zeynalov-APA. 1946-cı ildən keçirilən Lokarno Beynəlxalq Film Festivalına start veriləcək. APA-nın məlumatına görə, 1946-cı ildən etibarən keçirilən festival “A” kateqoriyasına (Kann, Berlin, Venesiya festivalları və s.) aiddir və film nümayişlərinin açıq hava altında olması özəlliyi ilə fərqlənir.
66-cı Lokarno film festivalının müsabiqə proqramında Azərbaycan filmi də yer alır. Gənc rejissorlar Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” adlı tammetrajlı bədii filmi, festivalın rəsmi müsabiqə proqramındadır və filmin dünya premyerası məhz festival çərçivəsində olacaq. Film “Adari Films” prodakşn şirkətinin məhsuludur, filmin prodüseri İrada Bağırzadədir. Eyni zamanda “Arizona Productions” (Fransa) və “Vita aktiva” (Rusiya) şirkətləri ilə post-prodakşn işləri görülüb. Lokarno Beynəlxalq Film Festivalı avqustun 7-dən 17-nə kimi keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Prodüserlər Gildiyasının “Geniş Baxış” ssenari müsabiqəsinin qalibi olan “Adari Films” şirkətinin altı qısametrajlı novelladan ibarət “Motivlər...” layihəsi çərçivəsində Rüfət Həsənovun “Bazar günü” filminin çəkilişlərinə artıq start verilib. Layihə Mədəniyyət və Turizm Nazirliyi və C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən dəstəklənir.