Bakı. Cavid Zeynalov - APA. Milli Kino Günü ilə əlaqədar dövlət sifarişi ilə çəkilən “Dolu” filmi respublikanın 37 rayonunda nümayiş olunacaq.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, yeni layihənin reallaşması üçün bir neçə ay vaxt lazım olub: “İyirmi ildir biz bu ənənədən uzaq düşmüşük. Mədəniyyət və Turizm Nazirliyində bununla bağlı iclas olub, rayon mədəniyyət evlərinin müdirlərinə layihə ilə bağlı tapşırıqlar verilib. Biz “Dolu” filminin nümayişindən sonra sıra ilə növbəti filmlərin bilet satışını təşkil edəcəyik. Biletlərin qiyməti çox ucuz olacaq. Bu addımı atmasaq, yeni çəkilən filmlərin tamaşaçıya çatmasına nail olmaq çətin olar. Bu, çətin, amma kino sənayesi üçün vacib işdir. Bu gün sınaq olacaq, inanıram ki, yeni layihə Azərbaycan kinosu üçün uğurlu olacaq”.
M.Hətəmov “Dolu” filminin müxtəlif saatlarda nümayiş etdiriləcəyini bildirib. Onun sözlərinə görə, növbəti aylarda - layihənin ikinci mərhələsində rayonlarda nümayişi nəzərdə tutulan filmlərin telekanallarda elanları gedəcək: “Biz ilk vaxtlarda kassa filmlərinin nümayişini təşkil etmək istəyirik. Tamaşaçıların diqqətini çəkmək lazımdır, daha sonra bu iş ardıcıl icra olunacaq”.
Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, layihənin icrası ilə bağlı artıq avadanlıq qurulub, plakatlarla təmin olunub. “Dolu” filminin nümayişindən bir müddət sonra “Vəkil hanı?” filminin nümayişi nəzərdə tutulub.
Qeyd edək ki, “Dolu” filmi 2012-ci ildə dövlət sifarişi ilə çəkilib. Ssenari müəllifi Aqil Abbas, rejissoru Elxan Rzayevdir. Filmdə xalq artisti Fuad Poladov, aktyorlar Rza Rzayev, Gülzar Qurbanova, Məmməd Səfa və başqaları rola alıb.