Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev və digər 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə N. Əliyev ifadə verməkdən imtina edib. Daha sonra təqsirləndirilən şəxslərdən 2 nəfər ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Proses aprelin 26-da davam etdiriləcək.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.
Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.