Bakı. Cavid Zeynallı - APA. “Kapelhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində “Bəzək” Yaradıcı İnsanlar Birliyinin təşkilatçılığı ilə əl işləri festivalının açılışı olub.
APA-nın məlumatına görə, festival “Azərbaycan xalçaları”nın motivləri əsasında ərsəyə gəlib.
Təşkilatçılar bildiriblər ki, festival ikinci dəfədir təşkil olunur: “Birinci tədbir iyun ayında təşkil olunub. Əl işləri həm iştirakçılar, həm də festivala təşrif gətirən insanlar tərəfindən maraqla qarşılandı. Ona görə qərara gəldik ki, bir neçə ay keçəndən sonra festivalı yenidən təşkil edək. Birinci festivaldan fərqli olaraq, ikincidə konkret mövzu müəyyənləşdirdik. Yəni hər bir iştirakçının təqdim etdiyi əl işlərində Azərbaycan xalçalarının motivləri olmalıdır”.
Festivalda müxtəlif yaş qrupu və fərqli peşələri təmsil edən bəzək ustaları iştirak edirlər: “Bu insanları bir araya gətirən onların əl əməyinə olan marağı və sevgisidir. Burada 20 yaşdan tutmuş 80 yaşa qədər müxtəlif yaş qruplarından olan insanlar öz yaradıcılığını təqdim edir”.
Festival noyabrın 8-də də davam edəcək. Giriş sərbəstdir.