Bakı. Cavid Zeynalov – APA. “Abşeron” rəsm qalereyasında Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə elmi-metodik mərkəzinin təşkilatçılığı ilə “Könlüm keçir Qarabağdan” fotosərgisi açılıb.
APA-nın məlumatına görə, elmi-metodik mərkəzin sədri Vilayət İsmayılov fotosərgi haqqında məlumat verərək, sərgidə təqdim olunan fotoların ümumi mənbələrdən götürüldüyünü bildirib.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Folklor İnstitutunun direktoru Muxtar İmanov və başqaları sərginin keçirilməsinin əhəmiyyətindən danışıblar. M.İmanovun sözlərinə görə, Qarabağ folklorunun toplanılıb sistemləşdirilməsi layihəsi çərçivəsində institutun üç kitabı işıq üzü görüb. Tədbirin sonunda Mədəniyyətşünaslıq üzrə elmi-metodik mərkəzin fəxri fərmanı Şuşa Mədəniyyət və Turizm İdarəsinin direktoru Zahid Abbasova təqdim olunub.
Sərgidə “Ağdam mədəniyyət evi”, “Kəlbəcər isti su sanatoriyası”, “Laçın Kar Gümbəz və Malik Əjdər mavzoleyi”, “Əsgəran qala divarları XVIII əsr” və s. tarixi mədəniyyət abidələrinin işğaldan əvvəlki və sonrakı fotoları nümayiş olunub.
Sərgi üç gün davam edəcək.